AVRO-2020-nin bilet satışına start verilib

04.12.2019 17:05 40 İdman

UEFA AVRO-2020-nin biletlərini satışa çıxarıb.

Fan.Az xəbər verir ki, Bakı və Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək qarşılaşmalara giriş 30 avrodan, digərlərində isə 50 avrodan başlayır.

İştirakçı ölkələr üçün biletlər

Qrup mərhələsi: Kopenhagen – 14 000 (bilet), Amsterdam, Bakı, Bilbao, Budapeşt, Buxarest, Qlazo, Dublin və Sankt-Peterburq – 20 000, Münhen, Roma – 24 000, London – 28 000

1/8 final: Amsterdam, Bilbao, Budapeşt, Buxarest, Qlazo, Dublin, Kopenhagen və London – 12 000

1/4 final: Bakı, Münhen, Roma və Sankt-Peterburq – 12 000

1/2 final: London – 24 000

Final: London – 26 000

Sifarişlər 18 dekabr Bakı vaxtı ilə saat 17:00-dək qəbul olunacaq. AVRO-2020-nin qalan 4 iştirakçısı 26 – 31 mart 2020-ci ildə keçiriləcək pley-off oyunlarından sonra bəlli olacaq. Avropa çempionatına vəsiqə qazanacaq komandaların azarkeşləri həmin raund başa çartandan sonra bilet üçün müraciət edə biləcəklər.

Bu ilin yayında neytral azarkeşlər üçün nəzərdə tutulan bilet satışının ilk mərhələsi uğurlu olub. 1,5 milyon bilet üçün 19,3 milyon müraciət qeydə alınıb. Turnir üçün ümumilikdə 3 milyondan çox bilet satılacaq.

AVRO-2020-yə vəsiqə qazanan hər bir yığmanın təmsil olunduğu milli assosiasiya bilet müraciətləri ilə bağlı tələbləri özü müəyyənləşdirir. Tərəfdarlar qrup mərhələsi matçlarına və ya “Follow my Team” paketini sifariş edə biləcəklər. Bu paket məkandan asılı olmayaraq, azarkeşin dəstəklədiyi komandanın pley-off oyununa girişə imkan verəcəkdir. Komanda pley-offa vəsiqə qazanmasa, biletlərin pulları geri qaytarılacaq.

Tələb təklifi üstələdikdə, bilet sahib olacaq şəxslər lotereya vasitəsi ilə müəyyənləşdiriləcək. Milli assosiasiyalar müraciətlərlə bağlı 2020-ci ilin yanvarından gec olmayaraq, UEFA-ya məlumat verməlidirlər.

“Fans First” strategiyasına əsasən, AVRO-2020-yə vəsiqə qazanan komandalarının azarkeşləri yarımfinal və final üçün qiyməti 85 və 95 avro olan biletlər təklif olunacaq. Millisi həmin mərhələlərə vəsiqə qazanmayan tərəfdarlar pullarını geri ala biləcəklər.

Neytral azarkeşlər isə EURO2020.com/tickets internet ünvanından bilet üçün müraciət etməlidirlər.

Qeyd edək ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.

İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti