Koronavirusdan şübhələnən vətəndaşların nəzərinə! XƏBƏRDARLIQ

24.02.2020 15:24 258 Sağlamlıq

Səhiyyə Nazirliyi tərəfindən ilkin mərhələ tədbirlərini əhatə edən koronavirusa yoluxma hallarına birbaşa müdaxilə ilə bağlı 3 xəstəxana ayırılıb. Bunu SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev deyib.

O bildirib ki, koronavirusa yoluxma şübhəsi yaşayan vətəndaşlar aşağıda adı hallanan 3 xəstəxanaya və ya ərazi poliklinikasına müraciət edə bilərlər: "Kliniki Tibbi Mərkəzdə, 7 saylı Uşaq Yoluxucu Xəstəxanasında və Elmi Tətqiqat Ağciyər İnstitutunda xüsusi palatalar ayrılıb. Lazım olduğu halda orada müvafiq bütün şərait yaradılıb. Koronavirusa yoluxma şübhəsi olan şəxslər birbaşa bura müraciət edə bilərlər. Digər halda isə ən yaxşısı ərazi üzrə poliklinikaya müracət edə bilərlər. Lazım olduqda həmin şəxslər qeyd etdiyim tibb müəssisələrinə yönləndiriləcəklər".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat katibi Rəvanə Əliyeva məlumat verərkən bildirib ki, hələ ki, koronavirusa yoluxma şübhəsi ilə bağlı vətəndaş müraciəti qeydə alınmayıb. O bildirib ki, belə bir müraciət olduğu halda məlumatlar birbaşa Səhiyyə Nazirliyinə yönləndirilir.

Eyni zamanda Səhiyyə naziri Oqtay Şirəliyev "Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" Əmr imzalayıb.

Əmr respublikada yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə imzalanıb. Sənəddə tibb müəssisələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, beynəlxalq səhiyyə təşkilatlarının məlumatına görə, xəstəliyin gizli qaldığı və ya özünü gizlətdiyi pəncərə dövrünün 27 gün olduğu bildirilib.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti