Parlament seçkilərinə qatılan məşhur övladları

14.01.2020 18:00 72 Ölkə

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində bir çox məşhurlarla yanaşı, bəzi məşhurların övladları da iştirak edirlər.

FAN.AZ xəbər verir ki? Modern.az seçkiyə qatılan məşhur övladlarının siyahısını hazırlayıb.

Beşinci çağırış Milli Məclisin yaşlı deputatlarından olan Xanhüseyn Kazımlı bu dəfə parlament seçkilərinə qatılmayacaq. Onun əvəzinə isə qızı Əsli Kazımova 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Əsli Kazımovanın namizədliyi hələlik qeydə alınmayıb.

Milli Məclisin keçmiş üzvü, tanınmış iş adamı Hacı Qalib Salahzadənin oğlu Əliabbas Salahzadə də seçkilərdə iştirak edir. Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olan Əliabbas Salahzadənin namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülüb. Ə. Salahzadə 27 saylı Sabunçu ikinci seçki dairəsindən namizəddir.

Bu seçkilərdə Yeni Azərbaycan Partiyasından olan deputat Mirkazım Kazımovun da oğlu namizəd olub. 38 yaşlı Səid Kazımovun namizədliyi 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən irəli sürülüb. Onun namizədliyi hələ ki, qeydə alınmayıb.

Parlament seçkilərinə qatılan məşhur övladları arasında Daxili İşlər nazirinin keçmiş birinci müavini mərhum general Zahid Dünyamalıyevin oğlu Vəli Dünyamalıyev də var. O, namizədliyini Gəncənin 40 saylı Kəpəz ikinci seçki dairəsindən irəli sürüb və artıq qeydə alınıb.

Azərbaycanın mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu Rəşad Camalov da deputatlığa namizədliyini irəli sürüb. 46 saylı Şirvan seçki dairəsindən namizədliyini irəli sürən Rəşad Camalovun namizədliyi qeydə alınıb.

Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər isə seçkilərə oğlu ilə birlikdə qatılır. İsa Qəmbər 19 saylı Nərimanov birinci seçki dairəsindən namizəd olduğu halda, onun oğlu Turqut Qəmbər 22 saylı Nəsimi ikinci seçki dairəsindən parlament seçkilərinə qatılır. İsa Qəmbərin namizədliyi qeydə alınıb. Oğlu isə hələlik qeydə alınmayıb.

Növbədənkənar parlament seçkilərində siyasətdən uzaq olan məşhurların övladları da qatılır. Belə ki, mərhum xalq artisti Mirzə Babayevin nəvəsi Emin Babayev də deputatlığa namizədlər siyahısındadır.

Onun namizədliyi Real Cümhuriyyətçilər İttifaqı tərəfindən 29 saylı Səbail seçki dairəsindən irəli sürülüb, hələ ki, qeydə alınmayıb.

Xalq yazıçısı İlyas Əfəndiyevin nəvəsi, professor Timurçin Əfəndiyevin oğlu Tural Əfəndiyev isə 30 saylı Suraxanı birinci seçki dairəsindən namizədliyini irəli sürüb. Tural Əfəndiyev İlyas Əfəndiyev Beynəlxalq Fondunun prezidentidir.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti