Seçkiyə “Qarabağ-Ata Yurdum...” devizi ilə qatılan namizəd

29.01.2020 13:45 112 Ölkə

124 saylı Şuşa, Ağdam, Xocalı, Xocavənd dairəsindən deputatlığa namizəd Etibar Abdullayevin FAN.AZ-a müsahibəsini təqdim edirik:

- Etibar bəy, seçicinizə müraciətinizi sosial şəbəkədə izlədik. Siz 12 il (2006-2018) 19 saylı Dairə seçki komissiyasının sədri olmusunuz. Bu gün növbədənkənar parlament seçkilərinə 124 saylı Şuşa, Ağdam, Xocalı, Xocavənd dairəsindən deputatlığa namizədsiniz. Bildiyimcə bu hal ölkədə nadir hadisədir.

- Əvvəla müsahibə üçün sağ olun. Namizəd olmağıma gəlincə, ölkə rəhbərinin apardığı islahatlar, cəmiyyətdə baş verən demokratik dəyişikliklər məni bu addımı atmağa vadar etdi. Təəssüf ki, cəmiyyətdə baş verən bu dəyişikliklərin barometri ola bilməyən buraxılmış Milli Məclis bizə acı təcrübə yaşatdı. Orada 1-2 deputatdan başqa demək olar ki, əksəriyyət parlamentin buraxılması üçün mümkün olan və olmayan hər şey etdi. Cəmiyyətdə, buraxılmış MM üzvləri üçün, “susan deputatlar”, yaxud heç bir mülahizəsi, fikri olmayan, diskusiyalarda iştirak etməyən “aminçi deputatlar” kimi kateqoriyalardan danışılırdı. Danışarkən insanların heysiyyatlarına toxunaraq onları aşağılayan fikirlərə yol verən və bununla da patoloji nifrət qazanan deputatlar da var idi. Bütövlükdə parlament günün siyasi nəbzini tuta bilmədi və məntiqi sonluq aydındır. İndi ölkə başçısının ortaya qoyduğu siyasi iradə mənim kimi seçici elektoratına inanan onlarla insanı siyasi mübarizə meydanına atdı. Qəti fikrim budur ki, 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakçı tərəflərin hamısı ölkə başçısının bu siyasi iradəsini əsas tutmalı, başqa sözlə desək xalqın istədiyi insanları parlamentə gətirməsinə şərait yaratmalıdır.


- Etibar bəy, siz uzun müddət seçki komissiyasında sədr olmusunuz. Cəmiyyətdə DSK-lara birmənalı münasibət yoxdur və əksər hallarda neqativdir. Siz DSK-ları necə görmək istərdiniz?

- Seçki komissiyaları çox mühüm və böyük bir strukturdur. 12 il 19 saylı Nərimanov birinci Dairə Seçki Komissiyasında sədr vəzifəsində çalışmışam. Fəaliyyətimiz Seçki Məcəlləsinin tələblərinə, MSK-nın tərtib etdiyi qaydalara əsasən tənzimlənirdi. Seçki komissiyalarının işləməsi üçün demək olar ki, bütün imkanlar yaradılıb. Maddi texniki baza ildən-ilə güclənir. Burada hər-hansı çatışmazlıqdan söhbət gedə bilməz. Mütəmadi, planlı şəkildə aparılan seminarlar komissiya üzvlərinin, seçki ilə əlaqədar olan icra hakimiyyəti orqanlarının maariflənməsinə xidmət edir. Amma təbii ki, təkliflərim də var. DSK-larda katiblik işçilərinin məvacibi azdır. Xüsusən seçki vaxtı əməkdaşların iş yükü həddindən çox olur. Odur ki, arzu olunur ki, onların əmək haqqlarına yenidən baxılsın. DSK və məntəqə seçki komissiyalarındakı üzvlərin daimi ştata oturdulması ilə otuz mindən çox insana iş yeri yaratmaq olardı və bu realdır. Bu, işin keyfiyyətinin arzuolunan səviyyəyə qalxmasına xidmət edərdi. Məntəqə seçki komissiyalarında əmək haqqı çox azdır, hətta minimum əmək haqqının altındadır. DSK-ların xərclər smetasında təsərrüfat xərcləri artırılmalıdır. Bu məbləğ hər il 5-7 min manat təşkil etməlidir.

- Seçkiyə “Qarabağ-Ata Yurdum...” devizi ilə getmisiniz. Seçicinizə bununla nə demək istəmisiniz?

- Mən Qarabağlıyam, Şuşada anadan olmuşam, orada böyümüşəm. Hesab edirəm ki, bu ideya ilə canında vətən sevgisi olan hər kəsi düşündürəcəyik. Özü də təkcə Qarabağlıları yox, ölkədə və ölkə hüdudlarından kənarda yaşayan hər kəsi. Deyim ki, bu ideya çoxsaylı vətənsevərlər tərəfindən dəstəklənməkdədir. Fikirləşirəm ki, bizim Qarabağa dönüşümüz üçün Qarabağ-Ata Yurdum... açar olacaq. Qarabağlılar bu ideya ətrafında birləşib Ali Baş Komandanın əmrini gözləyəcək.


- “Seçicilərin Qarabağ probleminin həllini necə görürsünüz?” sualına cavabınız maraqlı olardı.

- Artıq 30 ilə yaxındır ki, Qarabağ problemini həll edə bilmirik. 30 yaşında Qarabağlı var ki, Qarabağ haqqında ancaq eşidib. Orada yaşamış insanların çoxu məcburi köçkün kimi ölkənin digər regionlarında məskunlaşdılar və həyatlarını dəyişdilər. Vəfat etdilər. Bu gün Qarabağda yaşamış, Qarabağ sevgisini qəlblərində yaşadan insanların artıq 60-70 yaşı var. Yəni, nəsil dəyişir. Bunu başa düşmək lazımdır. Nə qədər ki, Qarabağda yaşamış, oraları xatırlayan insanımız var, sabah, biri gün, üç gündən sonra bu problemi həll etməliyik. Gələcək nəslə bu problemi saxlamaq, Zəngəzur paralelindən başqa bir şey deyil. Sual verirəm: Hansı Zəngəzurlu mən dədə-baba torpağıma qayıdıram deyir? Təsəlli kimi atam-babam oralı idi, deyə bilər ancaq. Məncə, məntiqim aydındır.

Paşinyan yalançı demokrat dəbilqəsi geyinmiş adi ermənidir. Onu Sarkisyandan, Koçəryandan fərqləndirən ancaq antropologiyasıdır. Demokrat işğalı dəstəkləyə bilərmi? Bu siyasəti davam etdirə bilərmi? Paşinyan deyir ki, Qarabağ Ermənistandır. Gedir Qarabağda Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirir yaxud qondarma respublikanın başçısını İrəvanda yanında oturdub, həmin iclasda iştirakını təmin edir. Oğlunu Qarabağda hərbi qulluğa göndərir. Mənim babalarımın at çapdığı, igidlərimizin qurşaq tutduğu Cıdır düzündə hay verib yallı gedir. Başqa nə etməlidir ki? Biz bunun nazı ilə çox oynadıq. Aprel döyüşlərində İlham Əliyev Sarkisyana vurduğu sillədən birini də buna vurmalıdır. O sillənin təsirindən Sarikisyan yıxıldı. Konkret olaraq bu problemin həllini istəyiriksə, anti-terror əməliyyatı aparmalıyıq, oradaki işğalçı beynəlxalq terrroristləri məhv edərək torpaqlarımızı azad etməliyik. Buna beynəlxalq hüquq əsas verir.


- Seçicinizlə görüşürsünüz. Onların münasibəti maraqlıdır. Seçicini daha çox nə düşündürür?

- Seçici bu gün bizim hər birimiz kimi qayğıları ilə yaşayır. Bizim seçicimiz məcburi köçkündür. Ən əvvəl itirdiyi el-obasını, torpağını, atadan-babadan ona qalmış, lakin bu gün əlində olmayan ev-eşiyini düşünür. Seçici fikirləşir ki, mənim parlamentə göndərəcəyim adam mənim hüquqlarımı qorumalıdır, mənim həyatımı tənzimləyən hökumət qərar və sərəncamlarından tutmuş, bu sahəni idarə edən Dövlət qurumlarının fəaliyyətini monitorinq etməlidir. Onun hüquqlarını məhdudlaşdıran hökumət qərarlarının dəyişməsinə nail olmalıdır və sairə.


- Seçiciniz məcburi köçkündür, yəqin onların problemi sizə aydırdır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Aparat rəhbəri olmusunuz. Bu barədə nə deyə bilərsiniz?

- Mən özüm də məcburi köçkünəm. Hər bir köçkün ailəsində olan qayğı mənim ailəmdə də, qohum-əqrəbamda da var. Ona görə bu problem mənə yad deyil. Komitədə Aparat rəhbəri olarkən çox saylı müraciətləri görürdüm, yaranan problemlərin nədənliyini başa düşürdüm. Ölkə rəhbərinin məcburi köşkünlərin sosial şəraitini yaxşılaşdırmaq üçün ortaya qoyduğu iradə təqdirəlayiqdir. Ötən dövrdə ölkə büdcəsindən yeddi milyarddan çox vəsait bu məqsədlə xərclənmişdir. Orada olduğum müddət ərzində əlimdən gələni etdim. Hesab edirəm ki, görüləsi çoxlu işlər var. Ədalət prinsipinə üstünlük verilməlidir. Daha çevik fərdi yanaşma göstərilməlidir. İnsanların qaldırdığı problemləri yerində öyrənmək və qərarlar qəbul etmək lazımdır. İdarəetmədə daha səriştəli insanlar işə cəlb olunmalıdır. Bir çox hallarda qərar və sərəncamlarla məcburi köçkünlərin hüquqları məhdudlaşır. Hələ də süründürməçilik, bürokratik əngəllər mövcuddur. Əgər deputat seçilərəmsə, bu məsələləri qanunvericilik qaydasında qaldıraraq, hökumətlə əməkdaşlıq edərək həll etməyə çalışacağam. Bütün namizədlərə uğurlar arzu edirəm.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti