Vilayət Eyvazov əsgər və hərbi qulluqçularla görüşüb

07.10.2019 15:00 47 Ölkə

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov oktyabrın 5-də DİN-in Daxili Qoşunlarının Quba rayonunda yerləşən hərbi hissəsində olub.

Fan.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətə istinadən məlumat verir ki, əsgər və hərbi qulluqçular qarşısında çıxış edən V.Eyvazov müstəqilliyin ilk illərində Azərbaycanın qarşılaşdığı problemlər, torpaqlarımızın işğalı, ulu öndərin ali hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində əldə edilmiş müsbət nəticələr barədə məlumat verib. Ölkə Prezidenti İlham Əliyevin Daxili İşlər Nazirliyinin və onun ayrılmaz hissəsi olan Daxili Qoşunların ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizənin səmərəli təşkilində, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, insan və vətəndaş hüquq və azadlıqlarının təminində müstəsna rolunu və fədakar xidmətini hər zaman yüksək qiymətləndirdiyini vurğulayan nazir, DİO-nun zəruri avadanlıq və texnika ilə təchizatına böyük diqqət yetirildiyini, məhz belə ali diqqət və qayğı sayəsində bu gün Daxili İşlər Nazirliyi, onun öncül qurumlarından olan Daxili Qoşunların müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunduğunu, şəxsi heyətin iş, eləcə də sosial-məişət şəraitinin ilbəil daha da yaxşılaşdığını bildirib.

Nazir qeyd edib ki, bu gün ölkəmizdə demokratik prinsiplər əsasında insan hüquqlarının təmin olunması, qorunub-saxlanılması istiqamətində mühüm işlər görülür. Vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin edilməsi məqsədilə ölkə rəhbərliyinin dövlət qurumları, o cümlədən Daxili İşlər Nazirliyi qarşısında qoyduğu konkret vəzifələrə uyğun olaraq, müvafiq qərarlar verilir, Nazirliyin rəhbərliyi tərəfindən respublikanın şəhər və rayonlarında vətəndaşlar qəbul edilir, onların hər bir müraciəti üzrə lazımi tədbirlər görülür, qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapır.

Şəxsi heyətə tapşırıq və tövsiyələrini verən nazir V.Eyvazov əmin olduğunu bildirib ki, daxili işlər orqanlarının əməkdaşları, o cümlədən Daxili Qoşunların hərbi qulluqçuları göstərilən ali diqqət və qayğıya cavab olaraq sabitliyin, əmin-amanlığın etibarlı qorunmasına, cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz nümunəvi xidməti ilə cavab verəcək, qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, göstərilən ali diqqət və böyük etimadı xalqına, Vətəninə, dövlətinə və Prezidentinə sədaqətli xidməti ilə doğruldacaqdır.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti